10 May 2017 17:51
3 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şeron” musiqi qrupunun keçmiş üzvü, “Şadan” qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramil Qasımovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi məhkəməyə göndərilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatına verilib.

Teleqraf.com cinayət işi üzrə istintaq sənədlərini əldə edib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Vazeh Bağırov bildirib ki, Gündüz Xəlilov və Emin Bağırovu təxminən il yarım olar tanıyır: “Onlarla “Zorge bağı” adlanan parkın ərazisində çayxanalardan birində təsadüfən tanış olduq. Təxminən üç-dörd ay əvvəl Emin bizi əslən Gürcüstandan olan Tahir adlı şəxslə tanış etdi. Onu cinayətkar aləmin nüfuzlu şəxsi Lotu Qulinin qardaşı olan Lotu Namiqin adamı kimi təqdim elədi”.

Vazeh Bağırovun sözlərinə görə, Gündüz Xəlilov və Emin Bağırovla birlikdə Tahirin dəvəti ilə onun evinə nişan məclisinə gediblər: “Nişan məclisində İntizar və Ramil adlı “Şadan” qrupunun üzvləri ilə tanış olduq. Onların söhbətlərindən aydın oldu ki, İntizarla Ramilin Tahirə verəcəkləri var. Onlar əvvəllər birlikdə işlədikləri Rəşad adlı şəxsin atasına məxsus hansısa obyekti 55 min dollara satıblar, həmin puldan Rəşada da çatmalıdır.

Rəşadın Gürcüstanda yaşayan qohumu Səməndər adlı şəxs həmin pulun alınmasını Tahirə həvalə edib. Hazırda İntizarın 8500, Ramilin isə 12 min manat verəcəyi qalıb. Tahir həmin məclisdə onlardan həmin pulu tələb etdi.

Buna görə də onların aralarında mübahisə yarandı. İntizar xahiş etdi ki, Məhərrəmlik dövrüdür, toylara gedə bilmirlər, pul qazanmirlar. Tahirdən möhlət istədi və toylara gedəndən sonra pulları qaytaracaqlarını bildirdilər. Tahir isə onları anlamaq istəmirdi. Bu səbəbdən biz də söhbətə müdaxilə edərək Tahirdən İntizargilə vaxt verməyi xahiş etdik.

Razılaşdıq ki, İntizarla Ramil səhəri gün Tahirə 1000 dollar verəcək, Tahir də həmin pulu Lotu Namiqə verərək onlar üçün 2016-cı ilin noyabr ayının sonunadək möhlət alacaq. Səhəri biz yenə Tahirgilə toplaşdıq. Həmin vaxt orada bizdən başqa Tahirin hazırda Bakı istintaq təcridxanasında olan İlqar adlı dostu da vardı. İntizar özünə məxsus “Mercedes Benz S-klass” markalı avtomobillə gələrək, 10 min manat əvəzinə avtomobilini vermək istədyini bildirdi. Həmin vaxtdan Tahir avtomobili idarə etməyə başladı”.

Vazeh Bağırov qeyd edib ki, sonradan Tahirlə aralarında mübahisə olub, Gündüz Xəlilov və Emin Bağırovla birlikdə Tahirdən ayrılıblar: “Bu müddət ərzində Tahir Eminə zəng vurub və yenidən birləşməyi təklif edib. 2016-cı ilin dekabr ayının sonlarında biz yenidən görüşməyə başladıq. Bu zaman məlum oldu ki, Tahir küsülü olduğumuz müddətdə Ramildən 4 min dollar alıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, günlərin birində Tahir Ramilin qudurduğunu, kobud danışdığını deyib: “Tahir dedi ki, Ramilin ünvanına getmək və onunla ciddi danışmaq, onu cəzalandırmaq lazımdır. Bildirdim ki, bu söhbəti həll etmək üçün əlavə adam çağıraq. Ramil həmin gün 8 min manat gətirməliymiş. Həmin pulun 4 min manatı Rəşadgilə, 2 min manatı Lotu Namiqin adından Bakı istintaq təcridxanasında dustaqlara çatacaq, qalan 2 min manatı isə öz aramızda böləcəkdik.

Gecə saatlarında Tahirin göstərdiyi ünvana yollandıq. Bir qədər sonra Tahirin çağırdığı Nizami və Elnur adlı şəxslər də gəldi. Gözətçidən Ramilin ev nömrəsini öyrəndik, onun evinə zəng vurduq. Lakin Ramilin arvadı bizi aldadaraq, səhv düşdüyümüzü dedi, sonradan da telefon zənglərimizə cavab verilmədiyi üçün geri qayıtdıq.

Ertəsi gün Ramil özü Eminə zəng vurdu, Tahirlə danışmaq istədiyini bildirdi. Tahir Ramillə sərt danışdı və onu telefonda söydü. Günorta saatlarında Ramil Eminə zəng vurdu və 7-ci mikrorayonda yerləşən çayxanaya çağırdı. Çayxanada söhbət edən zaman polislər gəldi və bizi apardılar”.

Vazeh Bağırovun sözlərinə görə, əvvəl bu işə təmənnasız şəkildə, “oğru ideyalarını” rəhbər tutaraq qoşulsa da, sonradan Tahir onlara pul vəd edib.

Digər təqsirləndirilən İlqar Həsənovun sözlərinə görə, dəstə üzvləri ilə çay evinin yaxınlığında təsadüfən rastlaşıb: “Tahir dostları Gündüz, Emin, Vazehin tutulduğunu bildim və qaçaraq oradan uzaqlaşdım. Çay evinin işçisi, “Məşədi” ləqəbli Ramil Məmmədovdan eşitdim ki, Gündüzgil polisdə İlqar adı çəkərək, Tahirin dəstəsinin üzvü olduğunu bildiriblər. Özümdən narahat olaraq dostum Əfsun Quliyevdən xahiş etdim ki, telefon vasitəsi ilə İntizargillə əlaqə saxlayaraq bunu dəqiqləşdirsin. Bundan sonra Əfsun da Famil Nəsibova zəng vurub və görüş təyin edib. Görüş zamanı polislər Əfsunu tutublar. Səhəri gün mən polisə təslim oldum”.

Zərərçəkmiş Ramil Qasımov bildirib ki, qruplarına maliyyə dəstəyi vermək üçün Elşadın atası Ziyadxana məxsus Yasamal rayonunda səsyazma studiyasını öz razılığı ilə 55 min dollara Tərlan adlı şəxsə satıblar: “Əldə olunan puldan Rəşad özünə 5 min, İntizar 5 min manat götürüb. Qalan pulu qrupun inkişafına, geyimimizə və reklamlara xərcləmişik”.

Ramil Qasımov qeyd edib ki, sonradan işləyərək, 15 min manatı Rəşadın atasına qaytarıblar. O, daha sonra ifadəsində qalan pulun kriminal aləmin nüfuzlu şəxslərinin adından hədələnərək, geri qaytarılması tələb olunub, hədə-qorxularla üzləşiblər...

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər