23 Sentyabr 2017 09:36
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin barəsində olan hökmdən apellyasiya şikayətləri və dövlət ittihamçısının apelyasiya protesti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, protestə Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxış iclası sentyabrın 28-nə təyin edilib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahn Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müxtəlif hərbi rütbəli daha 27 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib.

Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfər hərbi qulluqçu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Şahin Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay azadlıqdan məhrum edilib, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Digər təqsirləndirilən şəxs Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qalib Hacıyevə isə 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəza verilib.

Həmçinin, təqsirləndirilən şəxslər Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər də müəyyən müddətə şərti cəza təyin edilməklə azadlığa buraxılıb.

Bakı Apelyasiya Məhkəməsində, hakim Elşad Şamayevin sədrliyi ilə keçirlən prosesdə Bakı Hərbi Məhkəmədən müraciət daxil olduğu elan olunub. Hakim bildirib ki, Hərbi Prokurorluq birinci instansiya məhkəməsinin çıxardığı hökmdən apelyasiya protesti verib və müddətin bərpası üçün işin yenidən birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib. Qərara əsasən, iş yenidən Bakı Hərbi məhkəməsinə qaytarılıb. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bakı Hərbi Məhkəməsində Hərbi Prokurorluğun apelyasiya protestinin verilməsinin müddətinin bərpası ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər