Bakıda quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova və Çinarə Bəhlulzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, quldurluq hadisəsi bu il yanvarın 13-də Bakıda baş verib.
Belə ki, Bakıda universitetlərdən birində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflərlər arasında narazılıq yaranıb və Cumaah Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakinləri Anar Kərimov, Elvira Ələsgərova, Fəqan Abdullayev, Nurlan Məmmədov və Kamran Vahabov tutulub.
Məhkəmənin növbəti iclası dekabrın 29-na təyin edilib.