Bakı Dövlət Universiteti (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakultənin tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov çıxış edub.
O bildirib ki, Zəka Mirağayevə verilən cəza çox yüngüldür, onun əməlinə adekvat deyil. Müdafiəçinin sözlərinə görə, Zəka Mirağayev dekan müavinini rüşvət almaqda ittiham edib, amma ortaya heç bir fakt qoymayıb.
Kamandar Nəsibov tələbəyə həbs cəzası verilməsini istəyib.
Zəka Mirağayevin vəkili Elçin Sadıqov isə çıxarılmış hökmü ifadə azadlığının pozuntusu kimi qiymətləndirib. Vəkil bildirib ki, xüsusi ittihamçının məhkəməyə təqdim etdiyi materiallarda, video-diskdə də tələbənin dekan müavininin ünvanına birbaşa ittihamı yoxdur.
Elçin Sadıqov çıxışının sonunda Yasamal rayon Məhkəməsinin hökmünün ləğv olunmasını, Zəka Mirağayevə bəraət verilməsini istəyib.
Növbəti proses fevralın 5-də davam edəcək.
Qeyd edək ki, dekan müavininin vəkili Kamandar Nəsibov tələbənin cəzasının ağırlaşdırılması tələbi ilə apelyasiya şikayəti verib. Zəka Mirağayev də barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Zəka Mirağayevə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilib. O, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinib.
Zəka Mirağayev aylıq əməkhaqqısının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına cəlb edilib.
Xatırladaq ki, Nigar İsmayılzadə Zəka Mirağayevin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyib.
Xüsusi ittihamçı saytların birində yer almış yazıdakı “Nigar İsmayılzadə İlahiyyat fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.
Qeyd edək ki, dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.
Xatırladaq ki, Yasamal rayon Məhkəməsində araşdırma aparılan zaman Zəka Mirağayev ölkəni tərk edib. Bu il iyulun 10-da keçirilən prosesdə onun barəsində axtarış elan edilib və bu səbəbdən proses qeyri-müəyyən vaxtadək saxlanılıb.
Noyabrın əvvəllərində Azərbaycana qayıdan Zəka Mirağayev Bakı Hava Limanında saxlanılıb və məhkəməyə gətirilib. O, hökmdən sonra sərbəst buraxılıb.