Bakıda dələduzluqda təqsirli bilinən Mürsəl İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Mürsəl İsrafilov 8 il 6 aya müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 320.1-ci (rəsmi sənədləri saxlama, əldə etmə, qanunsuz hazırlama) maddələri ilə ittiham edilib.
İttihama görə, Mürsəl İsrafilov 3 nəfər vətəndaşın etibarından süi-istifadə edərək, onların ümumilikdə 60 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
İbtidai istintaq dövründə və məhkəmə istintaqı dövründə Mürsəl İsrafilovun barəsində həbs qətimkan tədbiri seçilməyib. O, məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilib və daha sonra həbs edilərək məhkəmə məsuliyyətinə verilib.