1 Fevral 2018 14:58
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmədə təqsirləndirilən Dəmir Bank ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədar Tamamgül Xanlarova və bank əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə "Dəmir Bank"da əməliyyatçı işləmiş Könül Məmmədova əmanətlərin qoyulması ilə bağlı məsələləri izah edib: "Müştərilər bizə müraciət edir, sənədləşmə aparırıq. Sonra kassaya ödəniş edərək əmanəti qoyur və kassadan verilən sənəd əsasında müqavilə imzalanır. Hər şey sistem üzrə aparıldığı üçün biz qaydaları poza bilməzdik".

Digər şahid, bankın mühasibi Rövşən Quliyev bildirib ki, işlədiyi dövrdə hər hansı qanun pozuntusu olmayıb: "Mənə hər hansı qanunsuz tapşırıq verilməyib, mən də qanunu pozmamışam. Rüstəm Qasımovla müqavilə imzalanan zaman manatla əmanətlərə 15 faiz qaydası var idi. Əmanətçilərin kitabçaları kassada saxlanılırdı. Kimsə pul çıxaranda bunu sistemdə də, kitabçalara da qeyd edirdik. Balansda hər şey aydın görsənirdi. Kitabçalar "formalnı" şeydi, əsas müqavilə idi. Ona görə də kitabçanı kim istəsə ona verirdik, zəruri bir sənəd deyildi".

Fərəh Rəşadətlinin sürücüsü olmuş Elvin Kərimov deyib ki, zərərçəkən Ruslan Qasımovun epizodu üzrə dindirilib: "Ruslan demişdi ki, ona pul verilməyib. Amma mən Fərəh xanımla bir yerdə getmişik. Fərəh xanımın anası bükülü ulu Ruslana verdi, mən pulun özünü görmədim, amma dedilər 75 mindir. Mən özüm də Ruslana 3-4 dəfə pul aparıb vermişəm. Ruslan VTB bankda işləyirdi, orada verirdim. Amma pulun məbləğini bilmirdim".

Digər şahidlərin prosesə gəlmədiyi elan edilib.

Fərəh Rəşadətli yenə ifadə verməkdən imtina edib və sonda danışacağını bildirib.

Proses fevralın 8-də davam etdiriləcək.
Fərəh Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Fariz Qarayev və Tamamgül Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinir.

Cinayət işində 8 nəfər zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər