2 Fevral 2018 14:24
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Nizami rayon Polis İdarəsinin polis nəfəri, “Təhlükəsiz şəhər” Xidmətinin operatoru işləmiş Elçin Həsənovun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Elçin Həsənovun şikayəti qismən təmin edilib və onun cəzası 3 ilə endirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Həsənov isə 2 il dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci il iyunun 11-də, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilib.

Vəli Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), Hüseyn Salmanov və Elçin Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Fərid Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq istintaq dövründə Fərid Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əhmədov 3 il sürücülük hüququndan məhrum edilməklə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməklə 3 il, Hüseyn Salamov 3 il, Elçin Həsənov isə 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Fərid Əmiraslanov isə 2 il 11 ay 28 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Onun barəsində 1 il 6 ay sınaq müddəti təyin edilib. Hökmdə Hüseyn Salamovun barəsində olan ittihamın təsdiqini tapmaması qeyd edilib. Hakim bildirib ki, onun ittiham olunduğu 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsinə tövsif edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.

Təqsirləndirilən Fərid Əmiraslanov məhkəmə qərarından kasasiya şikayəti versə də, Ali Məhkəmədə onun öz xahişi ilə şikayəti baxılmamış saxlanılıb.

Digər təqsirləndirilənlər – Vəli Əhmədov və Hüseyn Salamov Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verməyiblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər