“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Leyla Eynullayeva şahid qismində ifadə verib.
O, klinikanın qeydiyyat şöbəsində işlədiyini söyləyib, maksimum aylıq 700 manat əmək haqqı aldığını bildirib.
Digər şahid isə klinikanın keçmiş əməkdaşı Leyla İsmiyeva ifadə verib. O deyib ki, istintaqda ondan maaş alması və işə necə düzəlməsi ilə bağlı sualllar verilib.
Leyla İsmiyeva işə düzələrkən Leyla Şıxliniskaya ilə görüşdüyünü və işə qəbul edildiyini bildirib. O, əmək haqqını gördüyü işin qarşılığında faiz olaraq aldığını qeyd edib.
Şahid Hüseyn Əliyev də klinikanın keçmiş əməkdaşı olub. O, iş üzrə təqsirləndirilən şəxslərin dördünü tanıdığını deyib. Bildirib ki, 2003-cü ilin dekabr ayında işə qəbul edilib. 2006-cı ilə qədər klinikada işləyib, işi klinikada internet, kompüter və proqram sisteminə nəzarət olub.
Digər şahid - klinikanın əməkdaşı Səyalə Salmanova laboratoriyada işləyib. Səyalə Salamanova istintaqda klinikaya gələn xəstələrin ödəniş etməsi ilə bağlı danışdığını deyib: "Soruşdular ki, xəstələr necə ödəniş edir? Biz də dedik. Ödənişi kassaya edirdilər. Biz də qəbzlə qəbul edirdik".
“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.
Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.
“Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.