“Lotu Quli” Ukraynada fəallaşmasından narahat olan bu ölkənin daxili işlər nazirinin müavini Vyaçeslav Abroskin əcnəbi kriminal ünsürlərə qarşı əməliyyatın keçirilməsi barədə nazir Arsen Avakovun əmr imzaladığını bəyan edib.
Teleqraf.com "Unian.net"ə istinadən xəbər verir ki, "Miqrant" adlı əməliyyat əsasən bazarlarda keçirilir.
Əməliyyata Vyaçeslav Abroskin rəhbərlik edir. Abroskin qeyd edib ki, məqsəd Ukrayna ərazisində qanunazidd əməllər törədilməsini təşkil edən şəxslərin müəyyən edilib ölkədən xaric olunmasıdır: "Kriminal ünsürlərin Ukraynadan ayaqlarını kəsməliyik. Hətta heç bir cinayət törətməsələr belə "vor-zakonlar"a burada yer olmamalıdır".
Xatırladaq ki, bir neçə gün öncə Ukrayna daxili işlər nazirinin müavini Vyaçeslav Abroskin sosial şəbəkədə azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) nüfuzunun artmasından narahatlığını ifadə edib.
“Zəmanə dəyişir. İndi “qanuni oğru”ıar fahişəlik, narkotik və silah ticarəti, oğurluq, qanunsuz miqrasiya və s. ilə deyil, həm də tikinti biznesi, əmlak məsələləri, dövlət satınalmaları ilə də maraqlanır. Azad olunduqdan sonra Nadir Səlifov Ukraynaya da öz təsirini yayır. Meyvə-tərəvəz anbarlarında çalışan erməni və ukraynalı şəxslər oğurlanıb. O, MDB məkanındakı göyərti bazarını ələ almaq istəyir. Bu, xırdalıq kimi görünsə də, söhbət böyük pullardan gedir”, deyə Abroskin bildirib.
Abroskin “Lotu Quli”nin Ukraynaya ayaq açmaması üçün çalışacaqlarını deyib.