6 Mart 2018 15:23
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Rəhim Rəhimovun qanuni nümayəndəsi, atası Akif Rəhimov, mərhum Könül Əkbərovanın hüquqi varisi, anası Bəsti Qədimova iştirak etməyib.

Buna görə məhkəmə prosesi baş tutmayıb.

Proses martın 13-də davam edəcək.

İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Cip Qrand Çeroki” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Sürücü isə hadisə yerindən qaçıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb.

Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.

Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər