Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən narkobaron – Salyan rayon sakini, 1965-ci il təvəllüdlü Elşən Məmmədov azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, 2017-ci il martın 27-də Salyan rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Qaraçala qəsəbə sakini Elşən Məmmədovun fərdi yaşayış evinə baxış keçirilib.
Onun evindən və “Mersedes” markalı avtomaşından küllü miqdarda narkotik maddə götürülüb.
Əməliyyatın davamı olaraq Elşən Məmmədovun evindən 5 kiloqrama qədər satış məqsədi ilə saxlanılan tiryək və qurudulmuş marixuana da aşkarlanıb.
Məlum olub ki, rayonda genişmiqyaslı narkotik vasitələrin satışı ilə məşğul olan Elşən Məmmədov eyni əmələ görə əvvəllər də məhkum olunub.
İstintaq orqanı tərəfindən Elşən Məmmədovun barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Elşən Məmmədovun cinayət əməlləri sübuta yetirilib. Ona 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Hökmdən Elşən Məmmədov narazı qalıb və apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib və hakim Ələsgər Novruzovun icraatına verilib.
Dünən redaksiyamıza daxil olan məlumata görə, narkotik vasitələrin dövriyyəsində təqsirli bilinərək, həbs edilən Elşən Məmmədov azadlığa buraxılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a bildiriblər ki, Elşən Məmmədovun cinayət işi üzrə araşdırma hərtərəfli, obyektiv aparılıb, onun barəsində ötən il dekabrında ittiham hökmü çıxarılıb.
“Hökmdən təqsirləndirilən şəxsin vəkili apelyasiya şikayəti verib. Qanunvericiliyin tələblərinə uyğun hazırlanmış şikayət Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti yuxarı instansiya məhkəməsinə göndərilən zaman Elşən Məmmədovun barəsində həbsli qərar olub, o, istintaq təcridxanasında saxlanılıb”, - deyə məhkəmədən bildirilib.
Şirvan Apelyasiya Məhkəməsindən isə bildirilib ki, aprelin 18-də Elşən Məmmədovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Həmin qərara görə, apelyasiya şikayəti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub və Elşən Məmmədovun barəsində yeni hökm çıxarılıb: “Yeni hökmə əsasən, Elşən Məmmədovun barəsində istintaq orqanını irəli sürdüyü Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri sübuta yetirilməyib. Bu səbəbdən onun barəsində bəraət hökmü çıxarılıb.
Məhkəmənin qərarı ilə Elşən Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, sərbəst buraxılıb. Apelyasiya şikayətinin dəlilləri hərtərəfli və tam araşdırılıb.
Məhkəmə öz qərarından mövqeyini bildirib, məhkəmənin qərarı şərh oluna bilməz”.
Respublika Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsi Şirvan Apelyasiya Məhkəməsinin çıxardığı hökmdən Ali Məhkəməyə kasasiya protesti verməsi barədə sənədlər hazırlayır.