Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimov məhkəmə qərarından kasasiya şikayəti verib.
Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, onun şikayəti araşdırılması üçün hakim Gülzar Rzayevanın icraatına verilib.
Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmənin baxış iclasının vaxtı müəyyən ediləcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib. Eyni zamanda Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin məbləğ Mehman Səlimovdan tutulacaq.
Bu hökmdən narazı qalan Mehman Səlimov apelyasiya şikayəti verib. O, nazirliyin ona qarşı qaldırdığı iddianı əsassız sayıb.
Mehman Səlimov həmçinin apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını da istəyib.
Bakı Apelyasiya Məhkəməsi Mehman Səlimovun şikayətini təmin etməyib.
Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.