12 Avqust 2014 17:16
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dənizdən naməlum qadın meyiti tapılıb


Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsindən verilən məlumata görə, bir neçə gün əvvəl Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin 3-cü mədənin inzibati binasının yerləşdiyi ərazidə 35-40 yaşlarında naməlum qadın meyitinin aşkar edilməsi barədə polisə məlumat daxil olub.


Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi xilasediciləri cəlb edilib və meyit sudan çıxarılıb.


Meyitə baxış keçirilərkən onun çürüməyə məruz qaldığı məlum olub. Bu səbəbdən də tapılan şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Meyiti tapılan şəxsin əynində üzərində qadın rəsmi olan qara rəngli qısaqol köynək, qara rəngli cins şort, hər iki qulaq sırğalığında sarımtıl rəngli xırda qaşları olan iki ədəd sırğa olub. Mərhumun qarın nahiyəsində isə qeysəriyyə əməliyyatından sonrakı çapıq izi aşkar edilib.


Polisdən mərhumun meyiti və əynində olan qısaqol köynəyinin fotosunu da təqdim ediblər. Lakin meyit tanınmaz hala düşdüyündən, yalnız köynəyin fotosunu təqdim edirik.


Mərhumu əlamətlərindən tanıyan şəxslərdən bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-02 nömrəli telefonuna məlumat vermələri xahiş olunur.

/ APA/


Müəllif: