27 İyun 2018 16:49
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirli bilinən Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Zahid Məmiyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra mərhum Nəsir Əkbərovun hüquqi varisi olan qardaşı çıxış edib. O, prokurorun çıxışı ilə razı olmadığını söyləyib. Hüquqi varis Zahid Məmiyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Bildirib ki, Zahid Məmiyev onun qardaşını qəsdən öldürüb: "Zahid Məmiyev Nəsiri qız üstündə qətlə yetirib".

Təqsirləndirilən şəxsin vəkili çıxışa hazır olmadığını deyib və hazırlıq üçün vaxt istəyib.

Növbəti proses iyunun 29-da davam edəcək.

İttihama görə, 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən Nəsir Əkbərov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Nəsir Əkbərova tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

İstintaq orqanı tərəfindən Zahid Məmiyevin barəsində Cinayət Məcəlləsinin 120.2-ci (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər