Bakıda xalasının ərinin yumruqla ölümünə səbəb olmaqda təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib.
O deyib ki, məhkəmə istintaqı zamanı da istintaq orqanı tərəfindən Vüqar Hüseynovun əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyataızlıqdan adam öldürmə) maddəsinə düzgün tövsif olunması sübuta yetirilib.
Prokuror çıxışının sonunda cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Vüqar Hüseynovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses oktyabrın 9-da davam edəcək.
İttihama görə, bu ilin əvvəlində Abşeron rayonunun Saray qəsəbəsində Vüqar Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək dünyasını dəyişib.
Onun yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib.
Bu zaman Muğam Şakirov Vüqar Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.
Bundan qəzəblənən Vüqar Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub.
Yumruq zərbələrindən Muğam Şakirov yerə yıxılıb. O, aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Vüqar Hüseynov polis tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Vüqar Hüseynov "Kürd Vüqar" ləqəbi ilə tanınıb.