Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun vaxtından əvvəl azadlığa buraxılması barədə vəsatətə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində Məhəbbət Namazovun vaxtından əvvəl azad edilməsi ilə bağlı vəkilli Gülnarə Xudabaxışovanın vəsatət təmin edilib.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəbbət Namazov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən patron və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonunun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.
O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.
Məhəbbət Namazov kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsidir.
“Lotu Quli” bir il əvvəl 8 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.