Bakıda quldurluq etməkdə təqsirli bilinən Orxan Hümbətov, onun qardaşı Vaqif Hümbətov və Rəmzi Muradovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı şikayətləri təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Hümbətov 5 il, onun qardaşı Orxan Hümbətov 10 il, Rəmzi Muradov isə 9 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.
Orxan Hümbətov tanışı Rəmzi Muradovla birlikdə qohumu Nuridə Məmmədovanın evinə basqın edib.
Həmin şəxslər qadının əl-qolunu bağlayaraq, onun 5 min manat pulunu ələ keçiriblər.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Orxan Hümbətov və Rəmzi Muradov saxlanılıb.
Onların ətrafında aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, Orxan Hümbətov qardaşı Vaqif Hümbətovla birlikdə xuliqanlıq ediblər.
Belə ki, onlar Biləcəri qəsəbəsində "KamAz" sürücüsünü xuliqanlıq niyyəti ilə döyüblər.