Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun iş ortağı Sahib Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra prosesdə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi zərərçəkmiş qismində tanındığı elan olunub.
Həm Dövlət Təhlükəsizlik Xidməti, həm də Vergilər Nazirliyi təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırıb.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Türkel Sülüymanlı müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barəsində vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin edilib.
İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət Bakıda keçirilən Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb.
Müqavilə 30 milyon manat məbləğində olub. Bir müddət sonra həmin pullar Sahib Ağayevin xarici şirkətinin hesabına yatırılıb.
Bundan sonra Sahib Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
Qeyd edək ki, iş üzrə şahid qismində keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun da adı keçir. O, bu məsələ ilə bağlı istintaqa ifadə verib.