20 Noyabr 2018 15:49
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda iş adamını qətlə yetirməkdə təqsirli bilinən 1959-cu il təvəllüdlü Zakir Əlizadə və onun oğlu, 1991-ci il təvəllüdlü Tural Əlizadənin, həmçinin xuliqanlıqda ittiham olunan 1976-ci il təvəllüdlü Babək Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror Tural Əlizadənin 18 il, Zakir Əlizadənin 19 il, Babək Quliyevin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses noyabrın 27-də davam edəcək.

İttihama görə, Abşeron rayonunun Qobu qəsəbəsindən Rövşən Abbasovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.

Rayon polisi və prokurorluğu əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Əlizadə tutulub. Ondan müvafiq sənədləri olan “Vinçester” markalı tüfəng və patron götürülüb.

İstintaq araşdırması zamanı qətli Tural Əlizadə atasə Zakir Əlizadə ilə birlikdə törətməsi, həmçinin digər təqsirləndirilən Babək Quliyev onlarla birlikdə qətlin törədilməsində iştirak etməsi məlum olub.

Rövşən Abbasovu “Vinçester” markalı silahla qətlə yetirən 25 yaşlı Tural Əlizadə istintaqa ifadəsində bildirib ki, Rövşən Abbasovla əvvəlcədən ədavəti olub.

Qətl hadisəsi törədilən gün onlar “söhbət etmək” üçün kafedə görüşüb. Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib.

Bu zaman Tural Əlizadə “Vinçester” markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra Tural Əlizadə Rövşən Abbasovun ayağını güllə ilə yaralayıb. O, üçüncü gülləni Rövşən Abbasovun ürək nahiyəsinə vurub.

Rövşən Abbasov sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Zakir Əlizadə və Tural Əlizadə əvvəllər məhkum olunduqları məlum olub.

Zakir Əlizadə daha əvvəl də 3 dəfə məhkum olunub, sonuncu dəfə qəsdən adam öldürmə ittihamı ilə 9 il müddətinə məhkumluq həyatı yaşayıb.


Müəllif: Hacı Zeynalov