Bakıda qətl törətməkdə təqsirli bilinən Ehtiram Şərifov barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mayıl Bayramovun icraatına verilib. Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.
İttihama görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib.
Ötən il noyabrın 17-də, günorta saatlarında Ehtiram Şərifov qəsəbə sakini Cabir Babayevi güllələyərək öldürüb. O, polisə gələrək könüllü təslim olub.
Qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş" larından olub, "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib.
Belə ki, Cabirin dostu olan bir nəfər Ehtiramın qardaşı Vüqarın üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş təsadüfən Cabirə tuş gəlib.
İstintaq orqanı tərəfindən Ehtiram Şərifovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Cabir Babayev sosial şəbəkələrdə və “youtube”də “avtoş” kimi tanınıb. Onun sosial şəbəkələrdə “avtoş”luq etməsi ilə bağlı video çarxları olub.