Bakıda bacısını qısqanclıq zəminində öldürməyə cəhddə təqsirli bilinən Niyaməddin Məmmədov barəsində çıxarılan hökmdən prokurorun verdiyi apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, prokurorun Niyaməddin Məmmədovun olan cəzasının ağırlaşdırılması ilə bağlı şikayəti təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyaməddin Məmmədov 2 il azadlıqdan məhrum edilib.
İttihama görə, Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.
Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlum olub ki, Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibətindən xəbər tutub və bu səbəbdən onu bıçaqlayıb.
İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.