Azərbaycanlı qadınları fahişəliyə məcbur etməkdə ittiham olunan Təranə Nemətovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Təranə Nemətova barəsində cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.
Qeyd edək ki, Təranə Nemətova bir qrup Azərbaycan vətəndaşı olan qadını aldadaq Türkiyəyə aparıb və orada kişi müştərilərlə görüşdürüb. Bunun müqabilində gəlir əldə edib.
Zərərçəkmişlərin Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə etdiyi şikayət əsasında Təranə Nemətova həbs edilib.
İstintaq orqanı tərəfindən Təranə Nemətovanın barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 3 qadın zərərçəkmiş şəxs qismində tanınıb.