22 İyun 2019 10:56
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını xüsusi amansızlıqla öldürən 1982-ci il təvəllüdlü Qurban Kazımovun cəzası ağırlaşdırılıb.

Teleqraf.com-un xəbərinə görə, Pentensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Qurban Kazımov rejim qaydalarını pozub.

Bu səbəbdən ciddi rejimli cəza müəssisəsinin rəisi Qurban Kazımovun saxlanma rejiminin dəyişdirilməsi üçün Binəqədi rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə rəisin təqdimatını qismən təmin edib və Qurban Kazımovun 2 il qapalı tipli həbsxanaya göndərilməsi barədə qərar qəbul edib.

Bu qərardan narazı qalan məhkum apelyasiya şikayəti verib. O, qapalı tipli həbsxanaya göndərilməsi qərarının ləğvini, ciddi rejimdə saxlanılmasını istəyib.

Qurban Kazımovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsində Elmar Rəhimovun icraatına verilib.

Bu şikayət üzrə ilkin baxış iclası keçirilib. İclasda məhkumun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 1-nə təyin edilib.

Qeyd edək ki, Qurban Kazımovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli müəssisədə çəkməklə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci il fevralın 3-də Qurban Kazımov aralarında yaranan münaqişə zəminində keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Nübar Muradovanı bıçaqlayaraq qətlə yetirib.

Cinayəti törədən Qurban Kazımov həmin gün saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl Qurban Kazımov və Nübar Muradova Nərimanov rayon Məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanıblar, lakin yenə də müvəqqəti bir mənzildə yaşayıblar.

İstintaqda dindirilən Qurban Kazımov bildirib ki, qonşuların onun keçmiş arvadının davranışına dair ikimənalı atmacalarından bezib.

Fevral ayının 2-də gecə saatlarında evə gələrək o, keçmiş həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. O, hələ də bir evdə yaşadıqları üçün qadından davranışına fikir verməsini və özünü normal aparmasını tələb edib.

Nübar Muradova isə cavabda istədiyi kimi davranmaq ixtiyarında olduğunu bildirib.

Qarşılıqlı söyüşlərlə davam edən mübahisə nəticəsində əsəblərini cilovlaya bilməyən Qurban üzərindəki bıçaqla keçmiş arvadına çoxsaylı zərbələr endirərək, onu qəsdən öldürüb.

İstintaqla müəyyən edilib ki, cinayət törədilərkən onların iki azyaşlı övladları da evdə olublar, Orxan Kazımov baş verəcək cinayəti görməmələri üçün uşaqları digər otaqda bağlayıb.

Məhkəmə prosesində Qurban Kazımov ittiham üzrə özünü təqsirli hesab edib.


Müəllif: Hacı Zeynalov