3 İyul 2019 11:44
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Teleqraf.com xəbər verir ki, iyul ayının 20-də saat 8.00-da, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək.

Sıra baxışında ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır.

Kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcəkdir.

Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər