Bakıda anasını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Vaqif Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, onun barəsində Binəqədi rayon Prokurorluğunda toplanan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, hadisə paytaxtın Binəqədi rayonunun Xocasən qəsəbəsində baş verib.
Qəsəbə sakini, ruhi əsəb xəstəsi Vaqif Rüstəmov yaşadığı evdə anası, 1973-cü il təvəllüdlü Sevinc Əliyeva ilə mübahisə edib.
Mübahisə zamanı Vaqif Rüstəmov Sevinc Əliyevanı bıçaqlayıb.
Yaralı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub. Vaxtında tibbi yardım göstərildiyi üçün qadının həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Vaqif Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.