Goranboy Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a bildiriblər ki, RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xoylu kənd sakini 52 yaşlı Elman Hüseynova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb. Şahidlərin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 24 çətənə kolu aşkarlanıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynovun yaşadığı evindən və həyətindəki tövlədən ümumi çəkisi 5 kiloqram 727 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla əlaqədar Goranboy RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.