31 İyul 2019 11:58
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunu öldürməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərindən biri Yanus Camallının kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Yunus Camallının şikayəti təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Babaverdiyev 20 il, Yunus Camallı 20 il, Pərvin Əlməmmədov 14 il, Zahid Dünyamalıyev 12 il, Ceyhun Talıblı 20 il və Rəşidə Seyidova 4 il müddətinə azadlıqdan məhrum edilib.

Ev dustaqlığında olan Rəşidə Seyidova məhkəmə zalından həbs edilib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi barədə verdikləri apelyasiya şikayətləri təmin olunmayıb.

Bundan sonra məhkum Yunus Camallı kasasiya şikayəti verib.

Cinayət işində digər təqsirləndirilənlər - Rəşidə Seydiyeva, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev məhkəmə qərarından kasasiya şikayəti verməyiblər.

İttihama görə, ötən il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub.

Bu barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev tutulub.

Aparılmış ilkin istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüb, lakin evdən hər hansı bir əmlak əldə edə bilməyiblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər