Bakıda arvadına xəsarət yetirməkdə ittiham olunan Adil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, hadisə Binəqədi rayonunda baş verib.
Ötən il avqustun 6-da Naibəxanım Məmmədova keçmiş əri Adil Həsənovla mübahisə edib. Mübahisəyə səbəb Adil Həsənovun Naibəxanım Məmmədovanın yaşadığı evə gəlməsi, uşaqlarını görməsi olub.
Qadın keçmiş ərinə uşaqlarını göstərmək istəməyib. Bu səbəbdən onların arasında mübahisə yaranıb.
Qeyd edək ki, Adil Həsənov hadisə baş verən zaman başqa cinayət törətdiyi üçün ev dustaqlığında olub. Onun ev dustaqlığına ayağına taxılmış qolbaq vasitəsilə nəzarət edilib. Qolbaq qoyulan qadağa və məhdudiyyətlərə riayət olunması üçün nəzərdə tutulub.
Məlumata əsasən, cinayətkar ayağından qolbağı qoparıb və turşu əldə edərək, qisas niyyəti ilə keçmiş həyat yoldaşının yanına yollanıb.
Adil Həsənov özü ilə gətirdiyi sirkə turşusunu qadının üzünə atıb. Üz nahiyəsindən aldığı xəsarətlə qadın xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib və onun hər iki gözünün tutulduğu məlum olub.
Binəqədi rayon Polis İdarəsi əməkdaşları tərəfindən Adil Həsənov hadisədən bir neçə saat sonra həbs edilib.
İstintaq orqanı tərəfindən Adil Həsənovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama münasibət bildirən Adil Həsənov özünü qismən təqsirli bilib.
Növbəti proses yanvarın 10-na təyin olunub.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti 2017-ci ildə Azərbaycanda cinayət-hüquq siyasətinin və qanunvericiliyin humanistləşdirilməsi çərçivəsində yaradılıb.
10 fevral 2017-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncam imzalanıb. Bu sərəncam əsasında Probasiya Xidməti yaradılıb.
Probasiya institutunun tətbiqi məhkumların cəza müəssisələrindən xaric islah edilməsi üçün şərait yaradır, cəmiyyətdən təcrid olunmadan mövcud sosial əlaqələri qorumağa imkan verir.
Azadlıqları məhdudlaşdırılmış şəxslər elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır. Avropa ölkələrində elektron nəzarət vasitələrinin tətbiqi sahəsində keçirilən tədqiqatlar göstərir ki, barələrində bu vasitələrdən istifadə olunan məhkumların 91 faizi cəza şərtlərini pozmur, 94 faizi isə təkrar cinayət törətmirlər.