11 Fevral 14:18
3 912

Bakıda bacısını qətlə yetirməkdə ittiham olunan Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş Eldar Kamalovun (cinayət işindəki şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Eldar Kamalovun bacısı Ədilə Səmədova 2018-ci ilin sentyabrından mobil telefon vasitəsilə müxtəlif kişilərlə ünsiyyət saxlayıb.

Sonuncu 2018-ci il oktyabrın əvvəllərində azyaşlı uşaqlarını apararaq Lerik rayonunun Anbu kəndinə əri Ehtiram Səmədovun yaşadığı evə qoyub və Bakı şəhərinə geri qayıdıb.

Ədilə Səmədova ailə üzvlərinə məlum olmayan ünvanlarda yaşayıb, tanımadığı şəxslə çəkilmiş intim video-görüntüsü İnstaqram sosial şəbəkəsində yayılıb. Onun bu hərəkətləri qardaşı Eldar Kamalovun yaşadığı kənddə tanıdığı şəxslər arasında yayılıb.

Eldar Kamalov Ədilə Səmədovanın əxlaqsız həyat tərzi keçirməsi barədə söz-söhbətlər səbəbindən sonuncuya 11 oktyabr 2018-ci ildə, saat 22 radələrində istifadəsində olan mobil telefondan başqa şəxsin adından əvvəlcə "Votsap" proqramında yazıb.

Daha sonra isə zəng edib və 100 manat pul müqabilində cinsi əlaqə barədə etdiyi təklifinə razılıq alıb.

Görüşə gəldiyinə görə Ədilə Səməovanın əxlaqsız həyat tərzi keçirməsini özündə qətiləşdirib. O, namusunu qorumaq, onu və ailəsini qohumları, tanışları arasında rüsvay etməsinə görə qisas almaq məqsədi ilə bacısı Ədilə Səmədovanı qəsdən öldürmək qərarına gəlib.

Bu niyyətini həyata keçirmək üçün yaşadığı evdən bıçaq götürüb və oktyabrın 11-də, saat 23 radələrində Ədilə Səmədovanın başqa şəxsin adından 100 manat pul müqabilində intim münasibətdə olmağa getmək üçün təyin edilmiş görüş yerinə –51 nömrəli sərnişin avtobusunun sonuncu dayanacaq yeri kimi tanınan, Xətai rayonunda Naximov küçəsinə gəlib.

Bu zaman Eldar Kamalov Ədilə Səmədovanın yanında olan iki nəfər tanımadığı cavan oğlanla yanaşı gəldiyini, həmin oğlanlardan birinin bacısının qulaq hissəsinə sığal çəkdiyini görüb.

Bundan daha da hiddətlənən Eldar Kamalov gecəyarısı, saat 00.03-də Xətai rayonunda Naximov küçəsi 10/14 ünvanında yerləşən "Meyvə-tərəvəz” topdan satış adlı ərzaq malları mağazasının qarşısında bacısının üzərinə hücum çəkib.

Eldar Kamalov bacısına “öl, ölməyin məsləhətdir” deyərək bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub.

Ədilə Səmədova ayaqları ilə bıçaq zərbələrinin qarşısını almaq üçün aktiv müqavimət göstərib, qardaşının daha çox zərbə vurmasına mane olub.

Hadisə yerinə çoxsaylı insanların toplaşmasından qorxuya düşən Eldar Kamalov döyüləcəyindən ehtiyat edib və hadisə yerindən qaçıb.

Ədilə Səmədova hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Vaxtında ona ixtisaslı tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Eldar Kamalovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Kamalov Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib və ona həmin məcəllənin 62-ci (cəzadan da aşağı həddə cəza təyin etmək) maddəsi tətbiq edilib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

İstintaq orqanı tərəfindən Eldar Kamalovun barəsində elan olunmuş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittiham sübuta yetirilməyib. Həmin maddə üzrə ona bəraət verilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Eldar Kamalovun cəzasının ağırlaşdırılmasını istəyib.

Bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya protestinin dəlilləri araşdırılıb, sonda protestin təmin edilməməsi barədə qərar elan edilib.

Qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun kasasiya protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda prokurorun kasasiya protesti üzrə qərar elan edilib.

Məhkəmə prokurorun protestini təmin edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

İş materialları araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Bu dəfə şikayət hakim Elmar Rəhimovun sədrlik etdiyi kollegiyada araşdırma başlanıb.

Apelyasiya protestinin dəlilləri araşdırılıb və sonda qərar elan edilib. Prokurorun protesti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, Eldar Kamalovun cəzası ağırlaşdırılıb.


Müəllif: Hacı Zeynalov