Azərbaycanlı qadınları xaricə apararaq fahişəliyə cəlb etməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Arifə Abbaszadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Arifə Abbaszadə 2016-cı il sentyabrın əvvəllərində Bakının Yasamal rayonu, “Qış Parkı” yaxınlığında yaşayış evlərindən birində özünə kirayə ev tutub.
O, həmin mənzildə tanışı Səidə Nəbiyevanı (ad və soyad şərti verilib – red.) Türkiyə Respublikasının İğdır şəhərində işə düzəldəcəyi adı ilə aldadıb.
Arifə Abbaszadə aldatma yolu ilə Səidə Nəbiyevanı cinsi istismar məqsədi ilə dövlət sərhədindən keçirməyi qərarlaşdırıb. Səidə Nəbiyevanın razılığını aldıqdan sonra ona yol bileti təşkil edib.
Arifə Abbaszadə sentyabrın 7-də Səidə Nəbiyevanı dövlət sərhədini özü ilə birlikdə Sədərək sərhəd-nəzarət məntəqəsindən keçirməklə Türkiyənin İğdır şəhərinə aparıb.
Daha sonra o, Səidəni həmin şəhərdə olan “Göy Qurşağı” istirahət mərkəzinə gətirib. Orada qadını sentyabrın 9-dan oktyabr ayının ortalarınadək kişi müştərilərlə pul müqabilində görüşdürüb.
Səidə Nəbiyeva ödəniş müqabilində kişilərlə görüşməkdən imtina edəndə isə Arifə Abbaszadənin zorakılığı ilə üzləşib.
İstintaq orqanı tərəfindən Arifə Abbaszadənin barəsində Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arifə Abbaszadə 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Arifə Abbaszadə apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasını həbs olmayan cəza növü ilə əvəz olunmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arifə Abbaszadənin şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Arifə Abbaszadə kasasiya şikayəti verib.
Şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb.
Arifə Abbaszadənin kasasiya şikayəti təmin olunmayıb.