Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, daxil olan məlumat əsasında Hacıqabul rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Şölət Rəhimov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman gödəkçəsinin cibindən 1 ədəd sellofan torbada çəkisi 46,603 qram olan tiryək, digər cibindən isə 230 qram marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, keçirilən daha bir əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri daşımasında şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum edilmiş Alxan Ağarəhimov saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan da 380 qram marixuana aşkar edilərək götürülüb.
Bundan başqa,Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki həyətyanı sahələrin birində quraşdırılmış elektrik transformatorunun 4000 manat dəyərində hissəsini sökərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar N.Hüseynov və E.Bağırov saxlanılıblar.
Ətraflarında aparılmış tədbirlərlə onların Səmidxan kənd sakini, əvvəllər məhkum olunmuş N.Ağayev və şəhər sakini, əvvəllər məhkum olunmuş P.Hacıyevlə birgə bir istirahət mərkəzindən və bir avtomobil təmiri sexindən 3000 manat dəyərində transformator, 450 manat dəyərində su mühərriki, 350 metr elektrik naqili, 1 ədəd samovar və inşaat materialları oğurlamaları da müəyyən edilib.
N.Ağayev və P.Hacıyev də polis əməkdaşları tərəfindən saxlanılmışlar. Şəxsi axtarış zamanı P.Hacıyevdən heroin və metamfetamin aşkar edilərək götürülüb.
Zaqatala rayonunda keçirilən əməliyyat nəticəsində oğurluq faktının üstü açılıb.
Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yuxarı Tala kənd sakini Ə.Məmmədov saxlanılıb.
Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən Kiçik Pirəlli kənd sakini N.Allahverdiyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.