Bakıda xüsusi amansızlıqla arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 10-na təyin olunub.
İttihama görə, ötən ilin avqustunda Sabunçu rayonu Maştağa qəsəbəsində Xəyal Məmmədov arvadı, 1988-ci il təvəllüdlü Günay Məmmədova ilə ailə münaqişəsi zəminində mübahisə edib.
Mübahisə zamanı Günay Məmmədova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Qadının üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilib və qadın cərrahi əməliyyat olunub. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Günay Məmmədova Xəyal Məmmədovun həm də doğma əmisi qızıdır.
Cütlüyün 4 övladı var. Hadisə baş verən zamanı Günay Məmmədova üç aylıq hamilə olub. Əməliyyat zamanı qadının həmin uşağı tələf olub.
Sabunçu rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törədən Xəyal Məmmədov tutulub.
İstintaq orqanı tərəfindən Xəyal Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.