Şirvan şəhər Məhkəməsində narkotik vasitələri saxlamaqda ittiham olunan Hacıqabul şəhər sakini, 1988-ci il təvəllüdlü Taleh Babayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Taleh Babayev 5 mart 2014-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. O, 8,61 qram çəkidə narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə edib. Həbs olunan zaman narkotik vasitə ondan aşkar edilib.
Taleh Babayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib. Hakim Ziya Əliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Taleh Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, 4 mart 2014-cü il tarixdə, saat 20 radələrində kirayə yaşadığı Şirvan şəhərinin Xəqani küçəsində yerləşən binanın həyətində çərşənbə bayramı ilə bağlı qalanmış tonqalın yanında əyləşib:
“Tonqalın yanında yerdə bir ədəd siqaretin sellofana bükülü olduğunu gördüm. Həmin bükülünü yerdən götürdüm və sellofanın içərisində narkotik vasitə olan marixuananın olduğunu gördüm. Həmin tapdığı marixuananı götürdüm və tonqalın başından uzaqlaşdım. Səhəri günü tapdığım narkotik vasitə olan marixuanadan bir qədərini istifadə etdim və qalanını özümdə saxladım. Həmin günü saat 21.30-da yaşadığım Hacıqabul rayonundan Şirvan şəhərinə qayıtdım. Şirvan şəhərində “Çıraq Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında polis əməkdaşları məni saxladı və polis şöbəsinə dəvət etdilər. Mən də onlara etiraz etmədim və polis şöbəsinə getdim. Şöbədə narkotik vasitə üstümdən tapıldı”.
O, ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu deyib. Məhkəmə hal şahidlərini dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Taleh Babayev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov