Bakı İstintaq Təcridxanasına telefon keçirilməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Ədliyyə Nazirliyinin penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan Zaur Abdullayevin yanına qısamüddətli görüşə gəlmiş anası İradə Abdullayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş, daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Zaur Abdullayev Cinayət Məcəlləsinin 126.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilib.Zaur Abdullayevin cinayət işi üzrə Səbail rayon Prokurorluğunda istintaq hərəkətləri aparılır.
İttihama görə, bu ilin avqustun 18-də Xəqani küçəsində Bakı şəhər sakinləri Səbuhi Şərəfov və Orxan Cümşüdov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Səbuhi Şərəfov aldığı bıçaq xəsarətlərindən həmin gün xəstəxanada dünyasını dəyişib.
Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev tutulub.
Qeyd edək ki, qətl hadisəsi “Troya” gecə klubunda qeydə alınıb. Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Səbuhi Eldar oğlu Şərəfov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Səbuhi Şərəfov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hacı Zeynalov