Salyan rayonunda dava salmaqda ittiham olunan 1955-ci il təvəllüdlü Qəhrəman Səfərov və 1985-ci il təvəllüdlü Təhmasib Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Qəhrəman Səfərov 2019-cu il martın 30-da, saat 21 radələrində Salyan rayonu, Çuxanlı kəndində yerləşən Şahmar Şıxəliyevə məxsus yeməkxananın 2-ci otağında həmkəndliləri Elşən Tağıyev, Aftandil İmanov, Ramil Rəhmanov və Təhmasib Quliyev ilə yemək yeyib, spirtli içki qəbul edib.
Daha sonra Qəhrəman Səfərov sərxoş halda Təhmasib Quliyevə heç bir əsaslı səbəb olmadan bir neçə dəfə “Məni vuracaqsansa, burada vur!” kimi ifadələr işlədib.
Nəticədə yaranmış gərgin şəraitdən əsəbləşən Ramil Rəhmanov masa üzərindəki araq qədəhini öz başına vurub, Qəhrəman Səfərova iradını bildirib, sonra əyləşdikləri otaqdan çıxıb.
Bu zaman Ramil Rəhmanovun ardınca Aftandil İmanov və Təhmasib Quliyev məkanı tərk edib.
Bundan sonra Qəhrəman Səfərov otaqdan çıxıb. Yeməkxanın içində 10-15 dəqiqə ərzində başqalarının narahatlığına səbəb olan hərəkətlər edib, uca səslə qışqıraraq Təhmasib Quliyevi axtarıb.
Bu zaman Qəhrəman Səfərov qarşısında Ramil Rəhmanovu görüb. Onun ünvanına ucadan nalayiq söyüşlər söyüb.
Bu vaxt Ramil Rəhmanov sındırdığı pivə butulkasının şüşə parçası ilə öz qollarını kəsib. Bunu görən Qəhrəman Səfərov yenidən ucadan “Hanı Təhmasib” deyə qışqırmaqla yeməkxanadakı masada olan bıçağını götürüb, sonra yeməkxananı tərk edib.
Qəhrəman Səfərov yaxınlıqdakı mədəniyyət evinin qarşısında əlindəki bıçaqla Təhmasib Quliyevə xəsarət yetirib.
İstintaq sənədlərinə görə, Təhmasib Quliyev yerdən götürdüyü taxta parçası ilə Qəhrəman Səfərovun başından zərbələr vurub və ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.
İstintaq orqanı tərəfindən Qəhrəman Səfərovun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə, Təhmasib Quliyevin barəsində isə Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Salyan rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsin aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum ediliblər.
Hökmdən narazı qalan Qəhrəman Səfərovun vəkili apelyasiya şikayəti verib. O, iş üzrə həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxs qismində tanınan Təhmasib Quliyevin cəzasının ağırlaşdırılmasını, hüquqlarını müdafiə etdiyi Qəhərman Səfərovun barəsində isə bəraət hökmünün çıxarılmasını istəyib.
Qəhrəman Səfərovun vəkilinin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qəhrəman Səfərovun vəkilinin şikayəti təmin edilməyib.