Bu il yanvarın 7-də İmişli rayonu ərazisində rayon sakini Zaur Əzizovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Teleqraf.com-a İmişli rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, istintaqla İmişli rayon sakini Emin Quliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vurduqdan sonra avtomobil ilə Zaur Əzizovun üzərindən keçərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Zaur Əzizovun sərbəst güləşçi ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012), Avropa Çempionatının bürünc medalçısı (2008) olub, eləcə də Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil edən Emin Əzizovun qardaşı olduğu müəyyənləşib.
Zaur Əzizovla tanışı İmişli şəhər sakini 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu arasında pul üstündə mübahisə yaranıb. Zaur əlindəki bıçaqla Elminə bıçaq xəsarətləri yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib.
Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb.
Daha sonra meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb.
Həmçinin Elmin Zaura məxsus avtomobili hadisə yerindən 1 km aralı məsafədə Kür çayına ataraq hadisə yerindən kənarlaşıb.