Vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rahim Həsənovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması ilə bağlı aparılan araşdırmalar zamanı Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr müəyyən edilib.
Toplanmış materiallar üzrə Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.