Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü İsaxan Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, isaxan Şirəliyev tanışı və həmyaşıdı Nail Nəsiblinin onun bacısı ilə yaxın münasibətdə olması barədə şayiə yaydığı üçün bu məsələyə aylınlıq gətirmək məqsədilə Hövsan qəsəbəsində dəniz kənarına çağırıb.
O, Nail Nəsiblidən bacısı barədə belə söhbətləri edib-etmədiyini soruşub. Nail Nəsibli əvvəlcə ona qarşı saymazlıq edib cavab verməməsi, sonra isə tanışlarının yanında “bacınla gəzmişəm, əcəb eləmişəm” deyərək təhqir etməsindən əsəbiləşib. Özündə olan bıçaqla Nailə bir neçə bıçaq zərbəsi vurub. Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən İsaxan Şirəliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqdirləndirilən şəxs qismində ifadə verən İsaxan Şirəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Nail Nəsibli onun sinif yoldaşı olub və onunla birlikdə Hövsan qəsəbəsində 76 saylı tam orta məktəbdə 9-cu sinifə qədər oxuyub: “9-cu sinifi bitirdikdən sonra məktəbdən çıxdım. Bundan sonra Naillə normal münasibət saxlamışıq, aramızda heç bir ədavət və düşmənçəlik olmayıb”.
İsaxan Şirəliyevin ifadəsinə görə, 2019-cu ilin avqust ayının son günlərində dostu Nicat onu Hövsan qəsəbəsində görüb: “Dostum söhbət əsnasında dedi ki, Nail bacınla görüşməsi və bir-iki kəlmə artıq söz danışdığını yayıb. Bu söhbəti Nicat mənə çatdırdıqdan sonra Naillə görüşüb, həmin söhbətə aydınlıq gətirmək qərarına gəldim. Onunla əlaqə saxladım, görüşmək istədiyimi bildirdim.
Hövsan qəsəbəsində vağzal ətrafında dənizin kənarında sakit bir yerdə görüşüb, söhbət etmək qərarına gəldik. Söhbətə gedərkən evdən özümlə bıçaq götürdüm və köynəyimin altında gizlətdim. Bıçaq götürərkən fikirləşdim ki, Nail mənə qarşı artıq hərəkət etsə, onu vurub xəsarət yetirməklə cəzalandıraram. Nicatdan da xahiş etdim ki, mənimlə birlikdə getsin və söhbətin şahidi olsun. Nicat razılaşdı. Birlikdə Naillə görüş təyin etdiyimiz yerə getdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, üzərində bıçaq olduğunu Nicat bilməyib, ona bu barədə məlumat verməyib:
“Həmin yerə gələrək Naili bir neçə dəqiqə gözlədik. Az sonra Nail tanıdığımız Yusif və Nəcməddinlə birlikdə ora gəldilər. Görüşüb salamlaşdıqdan sonra Naili uşaqlardan bir qədər kənara çəkdim, onunla işim olduğunu bildirdim. Naildən bacımla gəzməsi, onun adına söz çıxartmağı barədə danışıb-danışmamağını soruşdum. Əvvəlcə mənə heç bir söz demədi, işimlə məşğul olmağımı bildirdi. Mən də cavabda dedim ki, necə yəni get işinlə məşğul ol, sən mənim bacımı və ailəmizi biabr etmisən, hələ bir boynuna da almaq istəmirsən...
Bu sözlərdən sonra Nail əsəbi formada dedi ki, bacın başqaları ilə gəzir, sən nə üçün gedib onlarla haqq-hesab etmirsən, gəlib məndən soruşursan? Dedim ki, mənə konkret sənin barəndə xəbər çatıb, ona görə səndən cavab verməyi tələb edirəm”.
İsaxan Şirəliyev əlavə edib ki, aralarında mübahisə yaranıb və bu zaman Nail orada olan Nicatın, Nəcməmmdinin və Yusifin yanında onu təhqir edib: “Dedi ki, bacınla gəzmişəm,əcəb eləmişəm. Onun bu sözləri məni çox pərt etdi. Bir anda əlimi şalvarımın böyrünə atdım və çıxartdığım bıçağı Nailin sağ böyründən vurdum. Vuran kimi Nail yerə çöməldi.
Nəcməddinlə Nicat tez Nailin yanına gəldi, onu yerdən qaldırdılar. Özüm də kömək etmək məqsədi ilə ona yaxınlaşmaq istədim. Yusif məni çəkib özü ilə apardı. Yusifdən ayrıldıqdan sonra mətbəx bıçağını yadımda qalmayan bir yerə tulladım. Evə gəldikdə baş vermiş hadisə barədə heç kimə məlumat vermədim.
Səhəri günü Nailin Sabunçu qəsəbəsində yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasında olduğunu və üzərində cərrahiyə əməliyyatı aparıldığını bildim. Özüm polisə getdim və Naili bıçaqla vurduğumu etiraf etdim”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsaxan Şirəliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Ona 1 il sınaq müddəti olmaqla 2 il 11 ay 28 gün müddətinə şərti cəza təyin olunub.