Şəmkir rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Mixayil Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 16-na təyin olunub.
İttihama görə, bu ilin avqustun 5-də saat 01 radələrində Şəmkir rayonu ərazisində 1995-ci il təvəllüdlü Sənan Quliyevə çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Mixayil Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Sənan Quliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Istintaq orqanı tərəfindən Mixayil Quliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.