Göyçay rayonunda qadına təcavüzdə ittiham olunan 1983-cü il təvəllüdlü Ruslan Məmmədov və onun tanışı Cəlil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, 30 iyul 2018-ci ildə Ruslan Məmmədov əmisi oğlu Cəlil Məmmədovla gün ərzində Göyçay rayonunun müxtəlif kafelərində spirtli içki qəbul etdikdən sonra “VAZ 2101” markalı avtomobillə Qaraməryəm kəndinin dairəsində marketlərdən birindən pivə alıblar.
Həmin gün saat 23 radələrində aldıqları pivəni içmək məqsədi ilə Göyçay rayonunun Bığır kəndi ərazisində “Nar bağı” kafesinə gəliblər.
Ətrafda heç kəsin olmadığını görüb, kafedə ofisiant işləyən Səbinə Vəliyevanın (ad və soyad şərti verilib – red.) qaldığı tikilinin qarşısında masada əyləşib, söhbət ediblər.
Cəlil Məmmədov Səbinə Vəliyevanın içəridə olub-olmamadığını öyrənmək üçün tikilinin pəncərəsindən setkanı cıraraq içəri daxil olub. İçəridə alt paltarında olan Səbinə Vəliyevanı görüb, Ruslan Məmmədova da xəbər verib.
Daha sonra Cəlil Məmmədov otağın qapısını içəridən açıb və Ruslanı da içəri buraxıb. Səbinə Vəliyevaya onlarla cinsi əlaqədə olmağı təklif ediblər. Səbinə Vəliyeva etiraz edib və qaçmaq istəyib. Onlar isə qadınla zorla cinsi əlaqədə olmaq qərarına gəliblər. Ruslan Məmmədov Səbinə Vəliyevanın saçından tutub, yerdə olan döşəyin üstünə yıxıb. Səbinənin müqavimət göstərməkdə davam etdiyini gördükdə onu əli ilə başından vurub, saçından dartaraq müqavimətini qırıb.
Səbinə Vəliyeva yenə müqavimət göstərib, onlara cinsi əlaqədə olmaq istəmədiyini deyib.
Buna əhəmiyyət verməyən iki kişi Səbinə Vəliyeva ilə zorla cinsi əlaqədə olub. Bundan başqa, Ruslan Məmmədov zor tətbiq edərək Səbinə Vəliyevaya “oral” seksə məcbur edib.
İstintaq orqanı tərəfindən Ruslan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.
Digər təqsirləndirilən Cəlil Məmmədova da Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) maddəsi ilə ittiham verilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlil Məmmədov və Ruslan Məmmədovun hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan Ruslan Məmmədov apelyasiya şikayəti verib. O, cinayət işinin ona aid hissəsinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Ruslan Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli biıməyib. Qeyd edib ki, zərərçəkmiş şəxslə cinsi əlaqədə olmayıb, ona qarşı seksual xarakterli hərəkətlər etməyib, Cəlil Məmmədovun da qadınla cinsi əlaqədə olmasına köməklik göstərməyib.
Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Ruslan Məmmədovun şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin ona aid olan hissəsi dəyişdirilib.
Ruslan Məmmədovun cəzası 5 il 6 aya endirilib.
Bu qərardan narazı qalan Ruslan Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Ruslan Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.
Cəlil Məmmədov da apelyasiya şikayəti verib, onun şikayəti təmin olunmayıb. Bu qərardan Cəlil Məmmədovun vəkili kasasiya şikayəti verib.
Kasasiya şikayəti Ali Məhkəməyə göndərilib və araşdırılması üçün hakim Şahin Yusifovun icraatına verilib.
Cəlil Məmmədovun kasasiya şikayəti üzrə baxış iclası yanvarın 26-na təyin olunub.