Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluq hadisləri törətməkdə təqsirli bilinən Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Nazim Bəkirovun cinayət işi ilə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Nazim Bəkirov bu ilin aprelin 1-də Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.
Onun Mədinə Ağcayevaya məxsus mağazadan 630 manat pul, danışıq kartları və tütün məmulatını, iyunun 15-də isə Şirzad İbrahimovun cibindən 450 manat pulunu oğurlaması müəyyən edilib.
Barəsində aparılan istintaq zamanı təqsirləndirilən şəxsin ötən il dekabrın 28-də Rəşad Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobildən 1200 manat, maqnitafon və görüntü kamerası, Arzu Allahverdiyevanın gözəllik salonundan 200 manat pul, Sahib Muxtarova, Ramil Abbasova, Şamil Namazova və Aqil Abbasova məxsus mağazalardan pul və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.
Hakim Əlisoltan Osmanov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Hüquqi nümayəndəsinin iştirakı ilə ifadə verən azyaşlı özünü təqsirli bilib.
Məhkəmə iclası oktyabrın 31-də davam etdirilcək.
Hacı Zeynalov