14 Aprel 2021 14:01
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ötən il mayın 1-də 1996-cı il təvəllüdlü Elgün Nəsibov tanışı Tural Əliyevi bıçaqlayaraq öldürməyə cəhd edib.

Teleqraf.com-un xəbərinə görə, Elgün Nəsibov 2020-ci ilin mart-aprel ayları ərzində ətrafındakı dostlarının onunla görüşmək təklifindən mütəmadi imtina etməsinin səbəblərini axtarıb.

Dostlarının onunla görüşdən yayınmasını tanışı Tural Əliyevin bir neçə il əvvəl onu və vəfat etmiş atasını guya nalayiq ifadələrlə təhqir etməsi və bu səbəbdən barəsində mənfi rəy formalaşması ilə əlaqələndirib.

Elgün Nəsibov mayın 1-də saat 13 radələrində Tural Əliyevin yaşadığı binanın qarşısına gəlib. O, sakit tərzdə Tural Əliyevə illər öncə onu və atasını təhqir edib-etmədiyini aydınlaşdırmaq əvəzinə, özünün uydurma mülahizələrini cinayət törətmək üçün bəhanə edib. Heç bir əsaslı səbəb olmadan Tural Əliyevə arxadan yaxınlaşaraq özündə olan bıçaqla ona hücum edib, bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub.

Tural Əliyev vaxtında xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elgün Nəsibovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elgün Nəsibov bildirib ki, dostlarının ondan uzaqlaşmalarının, ünsiyyətdən qaçmalarının səbəbini fikir edərək narahat olub: “Bunun səbəbini düşünərkən bir neçə il əvvəl tanışım Turalın məni və atamı nalayiq söyüşlə təhqir etməsi yadıma düşdü. Hadisədən sonra başa düşdüm ki, Tural həmin zaman məni söyməyib.

Həmin gecəni isə yatmadım, əsəbi və gərgin olaraq bu barədə fikirləşdim. Qərara gəldim ki, Turalıdan qisas alım.

Səhər saatları təxminən 11-12 radələrində evdən meyvə tərəvəz kəsmək üçün aldığım bıçağı götürərək evdən çıxdım. Yol üstü mağazadan pivə alıb bir-iki qurtum içdim. Turalın yaşadığı ünvana doğru getdim. İki küçənin kəsişməsində olan zaman Turalı binalarının qarşısında gördüm. Onun yanında tanımadığım adamlar olduğundan, Turala qəfil hücum edərək bıçaqla zərbələr endirmək üçün uyğun anı gözləməyə başladım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 15-20 dəqiqə sonra Turalı yanında olan dostlarından aralaşaraq kənarda durduğunu görüb: “Həmin vaxt Turala yaxınlaşdım. Arxadan Turala səslənərək adını çəkdim. Tural mən tərəfə dönən kimi bıçaqla ona çoxsaylı zərbələr endirdim. Zərbələr endirən zaman mənə müqavimət göstərdi. Bıçaq olan əlimi tutaraq itələdi. Yanımıza yüyürüən insanlardan qorxaraq binalar istiqamətində qaçdım. Qarajların arasına bıçağı tulladım”.

Elgün Nəsibov qeyd edib ki, bundan sonra birbaşa Avtozavod qəsəbəsində yaşayan bacısı Əfsanənin evinə gedib: “Bacıma törətdiyim hadisəni dedim. Əfsanənin uşaqları da evdə idi. Bundan sonra Əfsanənin yoldaşı Vüqar gəldi. Olanları biləndən sonra təslim olmağımı məsləhət gördü. Lakin Vüqara tutulmaq istəmədiyimi bildirərək kirayə ev tapmağı xahiş etdim. Vüqar isə bunun mümkün olmadığını bildirdi. Bacım, anam və Vüqar mənə təslim olmağı məsləhət gördülər”.

Elgün Nəsibov qeyd edib ki, səhər tezdən yenidən bacısının yanına gələndə Vüqarın artıq polisdə olduğunu bilib: “Yenidən bacımgilin evinin yanında olan təpəyə getdim, orada təklikdə qaldım. Bir neçə saat sonra bacımgilə gəldikdə uşaqlardan yaxınlarımın polis idarəsinə dəvət olunduqlarını öyrəndim. Yenidən təpəyə gedərək, orada gecələdim.

Səhər tezdən evə gələndə artıq yaxınlarım da evdə idi. Onlar bir daha mənə təslim olmağı məsləhət gördülər. Mən də razılaşdım. Vüqarla polis idarəsinə gələn zaman onun mənə bıçağı da vermək lazım olduğunu bildirdi. Bıçağı atdığım yerdən götürdük. Sonra Vüqarla polis idarəsinə gələrək təslim oldum”.

Bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Elgün Nəsibov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov