Gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Malayziyanın Kuala Lumpur şəhərindən Özbəkistan Respublikasının Daşkənd şəhərinə, oradan isə qaçaqmalçılıq yolu ilə satış məqsədi üçün külli miqdarda dərman preparatlarının Bakı şəhərinə gətirilməsi haqqında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat tədbiri nəticəsində HY 757 saylı Daşkənd-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı Qazimaqomedov Maqomed Şaqroramazanoviç gömrük nəzarətindən keçdikdən sonra gömrük zonasını tərk etmək istəyərkən saxlanılıb. Həmin şəxs gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual edilərkən, baqajında və əl yükündə mütləq bəyan olunası malların olmadığını bildirib.
Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq M.Ş.Qazimaqomedova məxsus baqaja və əl yüklərinə baxış həyata keçirilib. Ona məxsus çamadandan və əl çantalarından cəmi 2496 kapsul 450 mg-lıq “Phyto Andro for Him” adlı dərman preparatları aşkar olunaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən isə, Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan “DAF 95 XF-430” markalı, 44 BO 782 / 44 ZA 385 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Keçirilmiş gömrük baxışı zamanı Azərbaycan Respublikası vətəndaşı Hacıyev Asif Höküməli oğlunun gömrük orqanına təqdim etdiyi sənədlərdə göstərilən yüklərdən başqa avtomobildən yük müşayiət sənədlərində göstərilməyən və Hacıyev Asif Höküməli oğlu tərəfindən bəyan olunmayan külli miqdarda müxtəlif adda ətriyyatlar, çay məmulatları, qəhvələr, veterenar məhsullar, 200 kiloqram bal, arıçılıqda istifadə olunan məmulatlar, 172 ədəd yanğın təhlükəsizlik cihazları aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
Naibə QURBANOVA