Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində valyutadəyişmə məntəqəsinə basqın etməkdə və polis əməkdaşını öldürməkdə ittiham olunan 9 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, müttəhimlər kürsüsündə Azərbaycan vətəndaşları Radik Ağaməmmədov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayev əyləşiblər.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Radik Ağaməmmədov ifadə verib. Özünü elan olunmuş ittiham üzrə təqsirli bilinən Radik Ağaməmmədov bildirib ki, qətl hadisəsindən günahkar deyil. O, əlavə edib ki, hadisə zamanı onda silah olub, amma silahdan atəş açmayıb: “Faiq Şahmuradovgilin nəsə planlaşdırdıqlarından xəbərim olmayıb. Ümumiyyətlə, Faiq Şahmuradov, Edik Rüstəmov, Ramiz Rəhimxanov və burada əyləşənlər heç vaxt bir yerə toplaşıb hər hansı planı həyata keçirmək barədə söhbətlərimiz olmayıb. Faiqin rəhbərliyi altında hansısa dəstə yaradıldığını eşitməmişəm, bilmirəm. Onu çayxanada görəndə dedi ki, Ediki “razboy”a görə tutublar. Amma Faiq və digər şəxslərin polis əməkdaşlarına basqın etmələrindən məlumatım olmayıb”.
Məhkəmə iclası noyabrın 13-də davam etdiriləcək.
Ittihama görə, Radik Ağamuradov Qusar şəhərində İslam dininin “əhli-sünnə və əl-cəmaə” adlandırılan vəhhabilik təriqətinə mənsub dini baxışları ilə əlaqədar yaxın münasibətdə olduğu “Ömər” ləqəbli Faiq Şahmuradov, “Abu Hənifə” ləqəbli Ramiz Rəhimxanov, “Seyfullah” ləqəbli Edik Rüstəmov, Cavad Məhərov, Şamil Manafov, Tərlan Salmanov, Şamil Qadaşov, Osman Mustafayev və qeyriləri ilə birləşdiyi mütəşəkkil dəstədə İslam dininin bəzi müddəalarına qəsdən yanlış şərh verərək valyutadəyişmə və digər biznes sahələrindən əldə edilən gəlirlərin guya haram olduğunu iddia ediblər. Buna görə də belə fəaliyyətlə məşgul olan şəxslərə basqın edib onların külli miqdarda əmlakını ələ keçirmək qərarına gəliblər.
Dəstə üzvləri bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında Rusiyanın Dağıstan Respublikasında istintaqa məlum olmayan mənbədən, qanunsuz silah əldə edib və Yalama gömrük sərhədindən qatarla gizli keçirərək Qusar şəhərinə gətiriblər. Həmin silahları ötən il oktyabr ayının 19-dək Radik Ağamuradovun və Faiq Şahmuradovun evində saxlayıblar.
Faiq Şahmuradovun planına əsasən Edik Rüstəmov oktyabrın 16-da səhər saat 7 radələrində Qusar şəhəri, Məlikov küçəsi, 69 saylı evin yaxınlığındakı valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə hücum edib. Onun başına dəmir parçası ilə zərbələr vuraraq üzərində olan 6000 manatı ələ keçirib və pulu banda rəhbəri olan Faiq Şahmuradova verib.
Həmin gün Edik Rüstəmov Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırma aparılarkən Edik Rüstəmov qarət edilmiş pulları meşədə gizlətdiyini deyərək qaytarmaq adı ilə polis əməkdaşlarını aldadıb. İmkan tapıb banda rəhbəri Faiq Şahmuradovla mobil telefonla əlaqə saxlayıb. Onlar polis işçilərinə silahlı basqın edərək öldürülməsini razılaşdırıblar.
Rayonun Həzrə və Aşağı Ləyər kəndləri arasındakı meşə massivində əvvəlcədən düzəltdikləri mağara tipli sığınacaqda gizlənmiş Faiq Şahmuradov, Radif Ağamuradov, Cavid Məhərov və R.Rəhimxanov tapancalardan çoxsaylı atəşlər açmaqla polis əməkdaşı Qalib Quliyevi qətlə yetiriblər. Diğər üç polis əməkdaşını - Mövlud Əliyev, Cəmil Nəsirov və Məhəmməd İbrahimovu isə yaralayıblar. Atışma zamanı polis əməkdaşı Ceyhun Osmanovun öz xidməti silahından açdığı cavab atəşləri nəticəsində Edik Rüstəmov da yaralanıb.
Oktyabrın 23-də keçirilən əməliyyat tədbirləri zamanı bandanın rəhbəri F.Şahmuradov və dəstə üzvü R.Rəhimxanov DİN və Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrinə meşə massivində silahlı müqavimət göstərərkən hər ikisi zərərsizləşdirilib. Edik Rüstəmov Qusar şəhəri, K.Kərimov küçəsinəki 21 saylı sahibsiz evin həyətində təslim olmaq tələbinə tabe olmayaraq polislərə qumbara atıb, müqavimət göstərərkən öldürülüb.
Bundan başqa Cavad Məhərov, Şamil Manafov, Şamil Qadaşov və qeyriləri dəstə rəhbərinin göstərişi ilə 13 avqust, 2013-cü ildə Qabil Həbibovun yaşadığı Qusar şəhəri, Q.Əliyev küçəsi, 43 saylı evin həyətinə daxil olaraq axtarış aparıblar, “Tukson” markalı avtomobilin salonundan 720 manat pul oğurlayıblar.
İstintaqa materiallarından aydın olur ki, F.Şahmuradovun göstərişləri əsasında “Qayıbulaq” istirahət mərkəzinin direktoru Şövkət Abdurahmanovu “əhli-sünnə və əl-cəmaə” dini təriqətinə mənsub şəxslərin baxışlarını bölüşmədiyinə görə cəzalandırmaq məqsədilə C.Məhərov və Ş.Qadaşovla birlikdə sentyabrın 4-ü saat 21 radələrində zərərçəkənin yaşadığı N.Həbibov küçəsindəki 26 saylı evi qarət ediblər. Ümümilikdə 6100 manat məbləğində qızıl-zinət əşyalarını talayaraq, onları ayın 8-də Dağıstanın Dərbənd şəhərində satıb, əldə edilən pulları banda üzvləri arasında bölüşdürüblər.
“Cəbrayıl” dini ləqəbi ilə tanınan Murad İsayev 2013-cü ilin iyun-avqust aylarında bandanın üzvü, “Abdulxaliq” ləqəbli Elxan İsrafilovla birlikdə Suriyada gedən döyüşlərdə iştirak edəndən sonra Azərbaycana qayıdıb. İslam dininin bəzi müddəalarını qəsdən yanlış şərh edib. Hətta yetkinlik yaşına çatmayan, “Xəttab” dini ləqəbli Bağır Azayevi dəstəyə cəlb edərək dini vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öldükdə cənnətə gedəcəyi vədi ilə aldadıb.
Hacı Zeynalov