Bakının Sabunçu rayonunda 1986-cı il təvəllüdlü Vəli ailə münaqişəsi zəminində həyat yoldaşı Almazı (adlar şərti verilib – red.) döyüb.
Teleqraf.com-un xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evdə baş verib.
Vəli həyat yoldaşı Almaz ilə ailə münaqişəsi zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Vəli arvadının sifət nahiyəsindən yumruqla vurub.
Nəticədə Almaz xəsarət alıb.
İstintaq orqanı tərəfindən Vəlinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Almaz ilə 28 aprel 2019-cu ildə rəsmi nikaha girib: “Bizim birgə nikahımızdan bir uşağımız var. Ailə həyatı qurduğumuz gündən ailə daxili söz mübahisələrimiz olub”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Şam Bağı” restoranın yaxınlığında qayınatası tərəfindən tutulmuş kirayə evdə yaşayıblar: “Kirayədə yaşadığımız dövrdə ailə daxili kiçik söz mübahisələrimiz olub. Hadisə baş verən günü, təxminən saat 20.00-da yaşadığımız evdə olarkən həyat yoldaşıma iradımı bildirdim, yeməyi niyə başqa formada bişirməsini bildirdim. Almaz isə mənə yeməyi öz bildiyi kimi bişirdiyini bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı”.
Vəli qeyd edib ki, arvadı ilə barışıb.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Almazın bildirdiyinə görə, ailə həyatı qurduqları gündən münasibətləri yaxşı olub: “Sonradan isə münasibətlərimiz heç bir əsaslı səbəb olmadan pisləşdi. Qayınanam İnarə ilə münasibətlərimiz yaxşı olmadığından Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Şam bağı” restoranının yanında yerləşən fərdi evə köçdük, orada yaşamağa başladıq. Ayrı yaşadığım günlərdə Vəli ilə aramızda ciddi problemlər olmadı. Vəli ilə dəfələrlə mübahisələri ailəm üstündə baş verdi”.
Zərərçəkmişin ifadəsinə görə, hadisə günü yaşadığı evdə olarkən həyat yoldaşı Vəlidən hamiləliyinə görə müayinələrdən keçmək üçün pul istəyib: “Vəli isə cavab olaraq pulunun olmadığını, valideynlərinin təqaüdçü olduğunu, bu səbəbdən müayinələrin pulunu atamdan almağımı bildirdi. Mən də Vəliyə kirayənin və müəyyən xərclərin atamın qarşıladığını dedim. Bu zaman Vəli münaqişə yaradaraq mənimlə kobud danışdı və yaşadığımız evin dəhlizində üzərimə hücum çəkdi. Məni və ailə üzvlərimi təhqir etdi. Əli ilə burun nahiyyəmdən zərbə ilə vurdu. Həmin zərbədən yerə yıxıldım və burnumdan qan açıldı”.
Almaz ifadəsinin sonunda qeyd edib ki, Vəli ilə barışıb, ondan şikayətçi deyil.
Sabunçu rayon Məhkəməsinin hökmü ilə Vəlinin zərərçəkmişlə barışması nəzərə alınıb və onun barəsində olan cinayət təqibinə xitam verilib.
Vəli cinayət məsuliyyətindən azad olunub.