“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə İlqar İsmayılovun “İdeal Kompani”də direktor olduğu dövrdə onun digər ortağı Zərifə Həmzəyevanın nümayəndəsi olmuş Fuad Əliyevin əlavə şahid qismində dindirilməsi barədə müdafiə tərəfinin verdiyi vəsatət müzakirə edilib.
Müdafiə tərəfi vəsatətini belə əsaslandırıb ki, Fuad Əliyev “İdeal”ın idarə edilməsində Zərifə Həmzəyevanın adından iştirak edib, ən xırda məxariclər belə onun razılığı olmadan həyata keçirilməyib, dövriyyədən Zərifə Həmzəyevaya çatacaq mənfəət onun vasitəsilə çatdırılıb.
“Şirkətdən mənimsəmədə ittiham edilən İlqar İsmayılov bildirir ki, hər bir məxaricdən Fuad Əliyevin xəbəri olub və bu barədə onun lehinə ifadə verə bilər. Ona görə də Fuad Əliyev məhkəmədə dindirilməlidir” – İlqar İsmayılovun vəkili İlhamə Həsənova bildirib.
İlqar İsmayılov da vəsatəti dəstəkləyib: “Mənə ittiham verirlər ki, guya Zərifə Həmzəyevaya dividend verilməyib. Fuad Əliyev 63 ay şirkətin idarə edilməsində birbaşa Zərifə Həmzəyevanı təmsil edib, Həmzəyevaya çatası dividendlər mütəmadi onun vasitəsilə çatdırılıb. O, bütün əməliyyatlardan xəbərdardır. Heç olmasa gəlib həqiqətləri desin.
Mənə qarşı ilk sifarişli ittihama 2018-ci ildə xitam verilib, indi də ittiham edirlər ki, guya öz şirkətimdən mənimsəmə etmişəm. Başqa ittiham verilsəydi, bəlkə də mənə bu qədər toxunmazdı, amma bu ittiham heysiyyətimə toxunur. Mən bu əsassız ittihamla 7 aydır həbsdəyəm, 7 aydır övladımın üzünü görmürəm. Bu haqsızlığa nə vaxt son qoyulacaq?”
Məhkəmə heç bir əsaslandırma vermədən Fuad Əliyevin əlavə şahid qismində dindirilməsi ilə bağlı vəsatəti rədd edib. Daha sonra vəkillər buna etiraz edib. Bildiriblər ki, ittiham tərəfinin bütün şahidləri dindirildiyi halda, müdafiə tərəfinin lehinə ifadə verəcək yeganə şahidin dindirilməməsini ədalətsizlik hesab edirlər.
Daha sonra İlqar İsmayılova qarşı ittihamda “Şəhər bağları”nda mənzilin alınması üçün “İdeal Kompani” MMC-dən 280 min manat məxaric edilməsini təkzib edən və mənzilin İlqar İsmayılov tərəfindən daha əvvəlki tarixdə 1 milyon manat ödənilərək alınmasını təsdiq edən razılaşmanı imzalayan şəxslərin şahid qismində dindirilməsi ilə bağlı vəsatət müzakirə edilib.
Vəsatətə təmin edilib və şahidlərin məhkəməyə dəvət ediləcəyi elan edilib.
Müdafiə tərəfinin “İdeal Kompani” MMC-nin 2013-2016-cı illər üçün gündəlik kassa əməliyyatlarının köçürülərək cinayət işi materiallarına əlavə edilən yaddaş kartının (fləşkart) məhkəmədə tədqiq edilməsi ilə bağlı vəsatəti ötən iclasda təmin edilsə də, hakim Əli Məmmədov elan edib ki, yaddaş kartında olan fayl qeyri-müəyyən formatda olan fayl olduğu üçün onu açmaq mümkün deyil.
Müdafiə tərəfi isə ittihamın mənbəyini təşkil etdiyi üçün iş materialalrında olan bu sübutun tədqiq edilməsinin zəruri olduğunu deyərək, faylın xüsusi proqram təminatı ilə açılması üçün mütəxəssis dəvət edilərək, yaddaş kartına baxış keçirilməsini tələb etdilər: “İttiham həmin məlumatlarda yalnız İlqar İsmayılovun məxariclərinə istinad edib. Halbuki həmin illər üzrə kassa əməliyyatlarında İlqar İsmayılovun şirkətin kassasına milyonlarla mədaxili də yer alıb”.
Məhkəmə isə həmin yaddaş kartına baxılmasını zəruri hesab etmədiyini bildirib.
Müdafiə tərəfi məhkəmənin bu mövqeyini işin obyektiv araşdırılmasında maraqlı olmama kimi qiymətləndirərək, etiraz etdiklərini bildirib və etirazı yazılı təqdim etmək üçün vaxt istəyib.
Növbəti proses noyabrın 15-də davam edəcək.
İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.