Daşkəsən rayonunda toyda qətl törədən Şakir Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.
İttihama görə, bu ilin iyulun 25-də, saat 18 radələrində Daşkəsən rayon sakini 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayon ərazisində təşkil olunmuş toy məclisində iştirak edən rayon sakini Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu öldürüb.
Hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.
İstintaq orqanı tərəfindən Şakir Tağıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.