7 Dekabr 2021 14:16
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan bloger Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesə barəsində məcburi gətirilmə qərarı çıxarılan şahid Ziya Məmmədovun gəlmədiyi məlum olub.

Məhkəməyə məlumat daxil olub ki, o, iş materiallarında göstərilən ünvanda yaşamır.

Hakim şahidin istintaq zamanı verdiyi ifadəsini elan etməyi məqsədə uyğun hesab etdiyini deyib.

Ata Abdullayevin vəkili buna etiraz edib və şahidin məhkəmədə dindirilməsində israrlı olduğunu bildirib: “Bu işdə yeganə adamdır ki, təqsirləndirilən şəxsə nə isə verdiyi deyir. Onun ifadə verməsi bizim üçün vacibdir. Xahiş edirik məcburi gətirilmə qərarı icra olunsun”.

Ata Abdullayev özü də Ziya Məmmədovun məhkəməyə gətirilməsini xahiş edib: “Mənə telefonu hədiyyə verən Ziyadır, deməli mən də onu Ziyaya qaytarmalıyam. O da hazırda ortada yoxdur. Xahiş edirəm, məhkəməyə gəlsin”.

Məhkəmə məsələ ilə bağlı qərar verib ki, şahidin tapılaraq məhkəməyə gətirilməsi istiqamətində daha bir addım atılsın.

Daha sonra Ata Abdullayev məhkəmədə sərbəst ifadə verib. O bildirib ki, bu işdə zərərçəkmiş şəxslərin heç birindən pul tələb etməyib: “Mənim iki min videom var, bunların 1594-ü cənab Prezidentin gördüyü işlərlə bağlıdır. Bir neçəsi Kamran Əliyev, məhkəmə-hüquq islahatları haqqındadır. Təxminən 500-ə qədəri isə sosial problemlərlə bağlıdır. Mənim telefonum isə daima açıq olurdu. Mənə şikayətlər gəlirdi. Əvvəlcə zərərçəkmiş kimi tanınan Elmar Əliyev barədə danışmaq istəyirəm. Elmar müəllim bildirib ki, mən guya ondan 2019-cu ildə pul istəmişəm. Bu yalandır. Mən həmin vaxt ailəmlə Misirdə istirahətdə olmuşam. Mənə Tural adlı şəxs müraciət etdi, dedi ki, şəriki Elmar onu döyüb. Bununla bağlı video da göstərdi. Mənə şikayət etdi ki, bu işə obyektiv baxılmır. Jurnalistin əsas prinsipi qarşı tərəfin mövqeyini öyrənməkdir. Buna görə də mən Elmara zəng etdim. Ondan həm Turalı döyməsi, həm Atletlər kəndindəki avadanlıqların satılması barədə soruşdum. Elmar həmin vaxt məni təhqir etdi. Bir qədər sonra vəkil Adil İsmayılovdan zəng gəldi. Mənə dedi ki, məni tanıyırsan, get ağlını başına yığ. Sonra yenidən Elmar mənə zəng etdi. Turala kömək məqsədi ilə Xətai rayon Polis İdarəsi ilə əlaqə saxladım”.

Ata Abdullayevin sözlərinə görə, beş-on gün sonra Elmarın dostu Ziya ona zəng edib və görüşmək istəyib: “Onunla görüşdük. Mənə dedi ki, Elmar dostumdur, onu bağışla. Mən də dedim ki, o adamı döyüb, mənim də ölümü-dirimi söyüb. Ziya yenə də xahiş etdi ki, onu bağışlayım. Sonra telefonumun ekranının sınıq olduğunu gördü. Mənə dedi ki, sənə telefon alacam. İki-üç gün sonra zəng etdi ki, gəl sənə telefon verim. Məni vaxtım olmadığına üçün qonşunu göndərdim. Həmin telefon da bir neçə gün evdə qaldıqdan sonra satıb “İphone” 12 aldım”.

Daha sonra Ata Abdullayev Masazır icra nümayəndəsi Şahlar Həsənovdan pul tələb etməsi epizodu ilə bağlı danışıb: “Mən deputatlığa namizəd olduğum dövrdə də müxtəlif yerlərdəki sosial problemlərlə bağlı maraqlanırdım. Tək Masazırda yox, Abşeronun çox yerlərində çəkilişim olub. Masazırda zibillərin daşınması ilə bağlı vəziyyət çox acınacaqlı idi. Zibil qutuları da yox idi. Olanların da təkərləri yox idi ki, normal qaydada daşınsın. Natəmizlik hökm sürürdü. Düzü sonra oranı təmizlədilər, bundan sonra gedib onu da çəkdim. Onda Şahlar Həsənov mənə nömrəsini verdi. Mənim maşınımda 360 dərəcəli kamera var. O, kamerlarda çəkdiklərimi kartlarda saxlayırdım. Əgər o, kartlara burda baxılsa, görərsiniz ki, o mənimlə nələr danışıb”.

Ata Abdullayev ifadəsində digər iki zərərçəkmişdən də pul almadığını deyib. O bildirib ki, əgər pul tələb etsəydi, dərhal zəng edərək şikayət edərdilər: “Mənzil-istismar sahəsi haqqımda mənfi xasiyyətnamə verib, guya qonşularım məndən şikayətçidir. Xahiş edirəm mənim 65 nəfər qonşumu çağıraraq məhkəmədə dindirin. Bütün qonşularım da vəzifəli şəxslərdir. Əgər onlar məndən şikayətçi olsalar, mən heç nə deməyəcəm”.

Növbəti proses dekabrın 14-də davam edəcək.

İttihama görə, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib.

Ata Abdullayev Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışları ilə bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edib, ondan 10 min manat istəyib.

Son nəticədə 2400 manatlıq “iPhone” 11 Pro Max telefonu alıb.

Bundan başqa, Ata Abdullayev Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 manat tələb edib. O, Şahlar Həsənovu Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Ata Abdullayev aşmış ağacı videoya çəkərək sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul istəyib.

Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin martında saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər