16 Dekabr 2021 14:08
8 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda 1965-ci il təvəllüdlü Fazilə qudası Xumara xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Fazilə Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evində qudası Xumar və gəlini Nərminlə mübahisə edib.

Mübahisə zamanı Fazilə Xumarı döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Fazilənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazilə ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1965-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olub: “Məni qohumlarım Sevil adı ilə tanısalar da, 2019-cu ilədək adım Mədinə olub. 2019-cu ildə Gəncə-Asan xidmətdə adımı dəyişmişəm. Hazırda adım Fazilədir. Zərərçəkmiş Xumar mənim qudam olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2016-cı ildə oğlu Pənah Ləmanla ailə qurub: “Onların 2017-ci ildə Dərya adında bir qız övladları oldu. İki il bundan əvvəl oğlumla gəlinim boşandı, oğlum azyaşlı qızı üçün hər ay aliment ödədi. 2020-ci ilin aprelindən onlar barışdılar və evimə gəlib-getməyə başladılar. Bəzi hallarda evimdə qaldılar, birgə yaşamalı olduq.

Aramızda baş vermiş dava-dalaşdan bir neçə gün əvvəl ailəvi olaraq Gədəbəy rayonu, Başkənd kəndində yerləşən gölün kənarına istirahətə getdik. Oğlum və gəlinim də bizimlə oldular. Orada oturub yemək yeyərkən tanımadığım bir şəxs əlində iri sazan balığı gətirdi, stolumuza tərəf uzadaraq uzaqda ayaq üstə durmuş hərbi geyimdə olan zabitin bu balığı Ləman xanıma göndərdiyini dedi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu səbəbdən aralarında mübahisə yaranıb və oradan birbaşa evlərinə gəliblər: “Ertəsi gün günorta saatlarında evdən çıxdım, taksi ilə Şəmkir rayonuna getmək istədim. Taksidə olarkən qızım Ramilə mənə zəng etdi, Ləmanın evdəki bananı harada gizlətdiyini soruşdu. Mən heç nə görmədiyimi bildirdim. Bundan sonra Ləman mənə zəng vurdu, telefonda məni təhqir etdi. Ona görə saat təxminən 16 radələrində evə qayıtdım.

Qızım da mənimlə eyni vaxtda bizə gəldi. Həmin gün Ramilənin qızı Nərgiz, oğlum Pənah və Ləman evdə olublar. Ləman məni telefonda təhqir etdiyinə görə aramızda sözlə mübahisə yarandı. Nəvəm Dəryanın üzündən öpdüm. Ləman isə məni alçaltmaq üçün Dəryaya dedi ki, nənənin üzündən öpmə, o, zibil qutusudur. Dalınca mənim üzümə tüpürdü. Ona görə Ləmana dedim ki, sənin ayıbını bilirəm, ona görə belə deyirsən, sənə balıq göndərən zabitə de, bura gəlsin. Bundan sonra Ləman evdən çıxdı, harasa getdi”.

Fazilənin sözlərinə görə, bir müddət sonra Ləman anası Xumar, atası Mehdi və qardaşı Vüsalla birlikdə içəri giriblər: “Onlar həyətə daxil olan kimi Xumar saçımdan tutdu, talvarın dəmir dirəyinə vurdu. Səs-küyə qonşulardan Yeganə, Vəfa, Fəridə və Pakizə bizə gəldilər. Evin həyətində Xumarla məni nəvəm Nərgiz ayırdı. Bundan sonra Xumar qızı Ləmanla məni itələdilər, evə daxil oldular ki, nəvəm Dəryanı yatdığı beşiyi götürsünlər. Ləmanla anasına dedim ki, heç nəyə dəyməyin, mən sizə aid olan əşyaları yığaraq taksi ilə göndərəcəm. Ləmanla anası mənə əhəmiyyət vermədən evdə olan əşyaları yığmağa başladı. Evimdən yataq üzlüklərini, onların üzərindəki adeyalları və kompüterini götürərək apardılar”.

Fazilə bildirib ki, buna görə yenidən dava düşüb: “Dava-dalaş zamanı öncə Mehdi qızım Ramiləni yumruq və təpik zərbələri ilə vurdu. Xumarla süpürləşdim. O məni vurmaq istəyərkən özümü qorumaq üçün ona əl-qol atdım, boğazından tutdum, sağ və sol qollarına vurdum ki, məni döyməsin. Gəlinim Ləman isə həmin gün heç kəsə toxunmadı. Bizim aramızda olan dava-dalaş qonşuların köməyi ilə sakitləşdi və Xumargil yığdıqları əşyaları Mehdiyə məxsus maşına doldurub oradan getdilər”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xumarın sözlərinə görə, evinin həyətində olarkən tanımadığı bir nömrədən ona zəng gəlib: “Həmin nömrəni yığdıqda zəng edən şəxsin qızım Ləman olduğunu bildim. Ləman mənə dedi ki, qaynanası Fazilə, baldızı Ramilə və Ramilənin qızı Nərgiz onu döyüb, uşağını əlindən alıb, onu küçəyə atıblar. Telefonla danışdım, bir-iki dəqiqə sonra həyat yoldaşım Mehdi təlaş içində evin həyətinə daxil oldu, qızımız Ləmanın qaynanası tərəfindən döyüldüyünü dedim.

Bu səbəbdən övladımız Vüsala məxsus avtomobillə qızımın Fazilə ilə birlikdə yaşadığı evin qarşısına gəldik. Evin qarşısına çatdıqda gördük ki, Ləman evin qarşısında küçədə paltarları cırılmış, üzü qan içində və saçları dağılmış vəziyyətdə ağlayır. Maşından düşdük, Ləmandan nə baş verdiyini soruşduq. Ləman danışdı ki, səbəbsiz yerə qaynanası Fazilə və baldızı Ramilə onu döyüb, mobil telefonunu əlindən alıb, sındırıblar və özünü küçəyə atıblar. Biz Ləmanı və nəvəmiz Dəryanı evimizə gətirmək məqsədilə paltarlarını götürmək üçün qapını döydük. Qapını Fazilə açdı. Ondan soruşdum ki, qızımın günahı nədir? Bunu Fazilədən soruşduqda, məni söyüb, təhqir etdi, saçlarımdan tutdu”.

Zərərçəkmişin ifadəsinə görə, bu zaman yanlarında olan kürəkəni Pənah onları ayırıb və sakitləşdirib: “Bundan sonra biz evə keçdik ki, Ləmanın və Dəryanın gündəlik istifadə etdikləri geyim əşyalarını yığıb, onların hər ikisini evimizə gətirək. İçəri girərək paltarları yığmaq istəyərkən Fazilə qızı Ramilə ilə evin qonaq otağının ortasında olan stol və stulları evin küncünə çəkdilər.

Ləmanla onların yataq otağında paltarları yığarkən Fazilə, Ramilə və Nərgiz otağa daxil oldular, bizi təhqir etməyə başladılar. Ramilə saç fenini götürərək adını bilmədiyim qonşu qadının qucağında olan nəvəm Dəryanın başına vurdu. Dərya huşunu itirdi. Buna görə də biz geyim əşyalarının bir hissəsini götürdük, zala çıxdıq ki, evimizə gedək.. Yığdığımız əşyaları Pənah və oğlum Vüsal apararaq maşına qoydular”.

Xumarın ifadəsinə görə, evin zalına çıxdıqda Ramilə və Nərgiz Ləmanın üstünə cumub, onu yenidən döymək istəyəndə araya girib: “Bu zaman Fazilə qəflətən üstümə hücum etdi, saçımdan tutdu, məni yerə yıxdı. Fazilənin evində olan qonşu qadınlar və ərim məni onun əlindən aldılar. Qonşuların köməyi ilə Fazilənin evindən qızım Ləmanı da götürdük, sonra öz evimizə gəldik”.

Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb.

Fazilə 1000 manat cərimə olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər