16 Dekabr 2021 16:31
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Rüfət ailə münaqişəsi zəminində həyat yoldaşı Pərvanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu il sentyabrın 13-də baş verib. Rüfət həmin gün saat 8 radələrində Sumqayıt şəhərindəki binanın girişində arvadı Pərvanə ilə münaqişə zamanı ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Rüfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüfət elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fərdi yaşayış evlərində təmir-tikinti işləri ilə məşğul olur: “İşlədiyim ünvanlar Bakı şəhərində olduğu üçün taksi kimi də fəaliyyət göstərirəm. Arvadım oktyabrın 14-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə ünvanlandığı müraciətlərlə tanış oldum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Pərvanə ilə 2006-cı ildə ailə həyatı qurub: “Birgə nikahdan 3 övladımız doğulub. Azyaşlı övladım nevroloji xəstədir, əqli və psixi xəstəliyi var. Ailəli ola-ola başqa qadınla münasibətim olduğuna görə Pərvanə ilə aramızda dəfələrlə ailədaxili münaqişələr olub. Sonuncu dəfə oktyabrın 13-də səhər saatlarında tanımadığım bir qadın Bakı şəhərinə getmək üçün avtomobilimə əyləşdi. Qadın avtomobilə əyləşən zaman arvadım bunu gördü. Elə zənn etdi ki, həmin qadınla münasibətim var. Zəng edib sual verdi ki, o kimdir? Cavab verdim ki, müştəridir, evə qayıdım, söhbət edərik. Həmin qadını avtomobildən düşürdüm, evə qayıtdım.

Təxminən saat 8 radələrində arvadım məni mənzilin giriş qapısının önündə qarşıladı. Üzərimə gələrək nalayiq ifadə işlətdi, sifətimə şillə vurdu. Əsəblərimi cilovlaya bilmədim, onun ayaq nahiyəsinə təpiklə vurdum. Üzərimə gəldikdə isə əlimlə vurmağa başladım. Sonra itələdiyim üçün pilləkənlərdən yıxıldı. Səs-küy yarandığını görəndə həmin yerdən uzaqlaşdım”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Pərvanənin sözlərinə görə, azyaşlı övladı nevroloji xəstədir: “Övladımın xaricdə müalicəsi üçün 5000 manat pul topladıq. Həmin pulu ərim özünə məxsus “Hyundai Volester” markalı avtomobilində saxladı. Sonradan öyrəndim ki, pulu münasibətdə olduğu bir qadına saxlaması üçün verib. Ondan pulu qaytarmağı tələb etdim”.

Zərərçəkmiş şəxsin bildirdiyinə görə, oktyabrın 13-də səhər saatlarında Rüfətin bir nəfər qadınla görüşdüyünü görüb və ona zəng edib: “Həmin qadının kim olduğunu, pulu ona verib-vermədiyini soruşdum. Bildirdi ki, qadını tanımır, müştəri kimi Bakı şəhərinə aparmaq üçün götürüb. Bundan bir neçə dəqiqə sonra Rüfət yaşadığımız evə qayıtdı. Mənzilin qapısı qarşısında rastlaşdıq. Həmin pulu qaytaracağını, qadının isə müştərisi olduğunu bildirdi.

Aramızda mübahisə baş verdi. Rüfət təpiklə ayaq nahiyəmə, əllə bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdi. İtələdiyi üçün pilləkəndən aşağı yıxıldım”.

Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti yoxdur.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Rüfətin barəsində Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib.


Müəllif: Hacı Zeynalov